Qubada “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
23 fevral 2026 | 16:22
Qubada “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
23 fevral 2026-cı il tarixdə Quba şəhərində yerləşən “Cümə” məscidində Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə “Multikultural dəyərlər və dini memarlıq abidələri: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib. Şəhərsalma və Memarlıq İli çərçivəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov və sektorun əməkdaşı Aynur Yəhyayeva, Quba şəhər “Cümə” məscidinin imamı Seyran Fərəczadə, rayonun təhsil müəssisələrinin tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin yeri danılmazdır. Xalqımız tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Məlumat verilmişdir ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu cəhətdən ölkəmizin dini abidələri də mühüm rola malikdir. Dini abidələrimiz müxtəlif dinləri təmsil etməklə bərabər, qədim memarlıq ənənələrimizə əsaslanıb və Azərbaycan multikulturalizminin mühüm nümunələri kimi təmsil olunmuşdur.
Tədbirdən sonra Quba şəhərində yerləşən “Cümə” məscidinin xüsusi memarlıq üslubu ilə iştirakçılar yaxından tanış olub.








