Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “PeşəFest-2026” peşə festivalı keçirilib.

22 sentyabr 2026 | 17:15

Qubada “PeşəFest-2026” peşə festivalı keçirilib.

22 sentyabr 2026-cı il tarixində Quba şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “PeşəFest-2026” peşə festivalı keçirilmişdir.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festivalın əsas məqsədi şagirdləri, tələbələri, gəncləri və onların valideynlərini, eləcə də işaxtaran və işsiz şəxsləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, peşəyönümü xidmətlərini təşviq etmək, peşə və karyera seçiminə dəstək göstərməkdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədr müavini, Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov, Quba-Xaçmaz Regional Məşğulluq filialının rəhbərliyi və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, sahibkarlar, tələbələr, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Festival çərçivəsində iştirakçılara əmək bazarında aktual olan barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, IoT mütəxəssisi, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner kimi peşələr barədə məlumat verilmiş, müxtəlif istiqamətlər üzrə təqdimatlar və praktiki fəaliyyətlər təşkil olunmuşdur.
İştirakçılar peşələrə yiyələnmək yolları, tələb olunan bilik və bacarıqlar, təhsil və karyera imkanları ilə tanış olmuş, mütəxəssislərlə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavablar almışlar. Həmçinin tədbir iştirakçılarına karyera məsləhətləri və peşəyönümü xidmətləri göstərilmişdir.
Qeyd edək ki, “PeşəFest” layihəsi ölkədə ilk dəfə 2022-ci ildə həyata keçirilmişdir. 2023-cü ildə isə Peşələr Festivalının ilk tədbiri məhz Qubada təşkil olunmuşdur.
“PeşəFest-2026” layihəsi çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 12 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər