Qubada “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Qubada “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
3 aprel 2026-cı il tarixdə rayonun Digah kənd tam orta məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların rəhbərləri və məsul şəxsləri, müəllimlər, gənclər və yeniyetmələr iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır. Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır. Belə ki, ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş “məğlubedilməzlik” mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi. Məlumat verilib ki, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun əsasını qoymuş və təcrübə baxımında ordumuz üçün ciddi sınaq olmuşdur. Xalq-dövlət-ordu birliyi naminə həmrəyliyin təntənəsinə çevrilən Aprel qələbəsi, eyni zamanda Azərbaycan əsgərinin peşəkarlığının, ordumuzun qüdrətinin və Vətən övladlarının misilsiz şücaətinin ifadəsi kimi tarixləşib. Qeyd olundu ki, Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alınmış, separatizmə son qoyulmuş, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa olunmuş, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilmişdir. Həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir və hazırda da uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoymuş, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalmışdır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.
Sonda iştirakçıların mövzu ətrafında fikirləri dinlənildi.








