Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” mövzusunda tədbir keçirilib.

15 dekabr 2025 | 16:47
Qubada “Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” mövzusunda tədbir keçirilib.
15 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Quba MKS-də “Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba rayon Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin direktoru Saməddin Nəsirov, din xadimləri, dini icma sədrləri və mədəniyyət sahəsinin əməkdaşları iştirak etmişdir.
Çıxışlarda Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, ölkəmizdə yaşayan müxtəlif xalqlar və dinlərin nümayəndələri arasında dostluq, qarşılıqlı hörmət və birgəyaşayış mühiti barədə ətraflı məlumat verilib, həmçinin dövlətimizin həyata keçirdiyi multikulturalizm siyasətinin bu dəyərlərin qorunub saxlanması və milli birliyin gücləndirilməsindəki rolu haqqında danışmışlar. Vurğulanıb ki, “Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” - olduqca aktual və vacib bir mövzudur. Cəmiyyətin inkişafında bu üç əsas sahənin rolu danılmazdır. Tolerantlıq - yəni fərqliliyə hörmət, başqasının fikrinə, inancına dözümlü yanaşmaq - həm təhsildə, həm hüquqda, həm də dini dəyərlərdə öz əksini tapmalıdır. Tolerantlıq - insanlara fərqli baxışlarına, dininə, dilinə, mədəniyyətinə və həyat tərzinə hörmətlə yanaşmaqdır. Təhsil sahəsində tolerantlıq, şagird və tələbələrə bərabər yanaşmanı, müxtəlif fikirlərin sərbəst ifadəsini və qarşılıqlı anlayışı təşviq edir. Humanitar sahədə tolerantlıq isə mədəniyyətlərarası dialoqu, empatiyanı və dinc birgəyaşayışı dəstəkləyir. Müasir cəmiyyətin inkişafı üçün bu anlayışın təməl dəyər kimi formalaşdırılması olduqca vacibdir. Tolerantlıq həm də vətəndaşların bir-birinə hörmətlə yanaşmasını və sosial sabitliyi təmin edir. Təhsil düşüncəni, hüquq ədaləti, din isə mənəviyyatı formalaşdırır. Bu üç sütunun üzərində qurulan tolerantlıq mədəniyyəti isə həm fərdi, həm də cəmiyyəti sülhə, qarşılıqlı anlaşmaya və sabitliyə aparır.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və belə nəticəyə gəlinib ki, həqiqətən də, tolerantlıq - hüquqi baxışdan cəmiyyətdə fərqli düşüncələrə, dinlərə, millətlərə və həyat tərzinə hörmətlə yanaşmaq prinsipidir. Bu, yalnız əxlaqi yox, eyni zamanda konstitusion bir dəyərdir. Azərbaycan Respublikasının Konstitusiyası, insan hüquq və azadlıqlarını təmin etməklə yanaşı, fərqli fikirlərin və kimliklərin birgə yaşamasını da qoruyur.
Keçidlər