Qubada “Uşaq hüquqları aylığı” elan edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
15 noyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Mariyə Məmmədova, Qəmbər Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Gülər Vəlimuradova və Quba Rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis-leytenantı Coşqun İsmixanov və məktəblilər iştirak etmişlər.
Tədbirdə iştirakçılar çıxış edərək, uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvəti olduğunu və bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını, uşaqlara qayğısını əsirgəməməli olduqlarını qeyd etmişlər. Bundan əlavə olaraq aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır. Məlum olduğu kimi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilmiş və dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə tədbirlərin görülməsi barədə ətraflı məlumat verilmişdir.