Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibətilə rayon ictimaiyyətinə təbrik

19 mart 2026 | 09:52

Quba Rayon İcra Hakimiyyətinin Ramazan bayramı münasibətilə rayon ictimaiyyətinə

 

T Ə B R İ K İ

Əziz qubalılar,

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımızı çatdırırıq. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları mənəvi kamilliyə, mərhəmətə, birlik və həmrəyliyə səsləyir, qəlbləri nurlandırır, onları əmin-amanlığa, əxlaqi saflığa dəvət edir.

İslam dünyasının ayrılmaz hissəsi olan ölkəmizdə tarixin ayrı-ayrı dövrlərində baş vermiş müxtəlif prosseslərə baxmayaraq xalqımız öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. Ötən əsrin sonlarında ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdi. 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyulmuş, milli və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.

Bu siyasət bu gün də uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunmasına, dini abidələrin bərpasına və inkişafına xüsusi diqqət göstərilir. Respublikamızda İslam və digər dinlərə məxsus ibadətgahlar əsaslı şəkildə təmir olunur, yeni məscid, kilsə və sinaqoqlar inşa edilərək istifadəyə verilir. Bu, ölkəmizdə hökm sürən tolerantlıq və multikultural mühitin bariz nümunəsidir.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, tarixi-mədəni və dini irsimiz dirçəldilir, məscidlərimizdən azan səsləri yenidən ucalır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərdə dini abidələrin bərpasına göstərdikləri diqqət və qayğı dövlətimizin bu sahəyə verdiyi önəmin daha bir təzahürüdür.

Bu müqəddəs bayram günlərində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyir, ruhlarına Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə möhkəm can sağlığı diləyirik.

Azərbaycan Respublikası bu gün regionda sabitliyin, qarşılıqlı hörmətin və dini həmrəyliyin hökm sürdüyü nümunəvi dövlət kimi tanınır. Multikultural dəyərlərin və tolerantlığın qorunub saxlandığı Quba rayonunda da müxtəlif dinlərin nümayəndələri qarşılıqlı hörmət və qardaşlıq şəraitində yaşayır. Hazırda rayonda 73 məscid, 2 sinaqoq fəaliyyət göstərir, 26-sı İslam, 1-i isə Yəhudi dini icması olmaqla dövlət qeydiyyatından keçmiş 27 dini icma vardır. Əminik ki, bundan sonra da rayonumuzda bu qardaşlıq münasibətlərinin, mehribançılığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün hər bir rayon sakini əlindən gələni əsirgəməyəcəkdir.

Əziz qubalılar, müsəlman bacı və qardaşlar,

Sizi bir daha müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və ruzi-bərəkət arzulayırıq. Qoy tutduğunuz oruclar, qıldığınız namazlar və etdiyiniz dualar Uca Yaradan tərəfindən qəbul olunsun.

Bayramınız mübarək!

Keçidlər