Rayon rəhbərliyi sel sularının yaratdığı fəsadlarla yerində tanış olmuşdur.
27 iyul 2024-cü il tarixdə rayonumuzun Küpçalqışlaq kəndinin ərazisində Qudyalçay çayından güclü sel axması səbəbindən çayın sol sahilindəki yamac yuyularaq torpaq uçqunu baş vermiş, nəticədə 460 nəfər əhalinin yaşadığı kəndin yolunda ciddi təhlükə yaranmışdır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə sel sularının yaratdığı fəsadlarla yerində tanış olmuş, sakinlərlə görüşmüş, selin fəsadlarının qısa müddətdə aradan qaldırılması ilə bağlı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinlərinin istifadəsi üçün, alternativ yolun salınması məqsədilə müəyyən olunmuş ərazidə xüsusi texnikalar cəlb edilərək yolun inşasına başlanılmışdır.
Sel nəticəsində elektrik dirəklərinin aşması kəndin elektrik enerjisi ilə təminatında çətinliklər yaratmışdır. Aidiyyəti təşkilat tərəfindən yeni dirəklər əraziyə gətirilərək elektrik enerjisinin bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Küpçalqışlaq kəndinin ərazisində sel sularının yarada biləcəyi fəsadların miqyasının azaldılması üçün müvafiq qurumların köməkliyi ilə xüsusi texnikalar əraziyə cəlb edilmişdir.