Rayonda son 5 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
2 dekabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində rayonda son 5 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, RİH yanında İctimai Şuranın sədri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və rayonun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişdir.
Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Quba rayonunda son 5 il ərzində görülmüş işlərə həsr olunmuş “5 ilin uğurları” adlı film nümayiş etdirilmişdir.
Yığıncaqda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev millət vəkili Vahid Əhmədovu, şəhid ailələrini, qaziləri və bütün yığıncaq iştirakçılarını salamlamış, 2 dekabr 2017-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra ötən 5 il ərzində rayonda müxtəlif sahələrdə - yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yeni yolların çəkilməsi, məktəb tikintisi, geniş miqyaslı abadlıq işlərinin aparılması, yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, elektrik enerjisi ilə təminat sahəsində görülmüş işlərə və digər məsələlərə toxunmuşdur. Sonra millət vəkili Vahid Əhmədov və yığıncaq iştirakçıları çıxış edərək görülmüş işlərə görə razılıqlarını bildirmiş və qarşıda duran vəzifələrlə bağlı təkliflərini səsləndirmişlər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev hazırda da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün respublikamızda olduğu kimi rayonda da bir sıra mühüm layihələrin həyata keçirildiyini, gələcəkdə də Qubada yeni-yeni böyük layihələrin icra ediləcəyini bildirmiş, indiyədək əldə olunan uğurlarda hər bir kəsin, hər bir rayon sakininin rolunun olduğunu qeyd etmiş, hamını rayonun daha da inkişafı naminə bundan sonra da öz səylərini əsirgəməməyə çağırmış, hamıya uğurlar arzulamış və yığıncağa yekun vurmuşdur.