Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində tədbir keçirilib.
2 oktyabr 2025-ci il tarixdə Quba rayonunun Alekseyevka kənd İnzibati Ərazi Dairəsinin Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Əlik kənd İnzibati Ərazi Dairəsinin Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abasov, Rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, respublikamız son illərdə sosial-iqtisadi sahələrdə yüksək nailiyyətlər qazanmış, həyata keçirilən Dövlət Proqramları, Fərman və Sərəncamlar ölkəmizin hər bir guşəsinin yüksək tərəqqisinə, abadlaşmasına səbəb olmuşdur. Bu illər ərzində ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində də böyük işlər görülmüşdür. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün respublikamız regionun lider dövlətinə, davamlı inkişaf edən, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilmişdir.
Vurğulanmışdır ki, son illərdə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bütün sahələrdə mühüm işlər görülmüş, doğma Qubamız böyük inkişaf yolu keçmişdir. Bu dövrdə rayonun yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması istiqamətində də xeyli işlər görülmüşdür.
Kənd sakinləri adından çıxış edən İsa Əlixanlı və Şirin İlyasov layihələrin reallaşmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə, bu işdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini bildirmişlər.
Çıxışlar başa çatdıqdan Rayon İcra Hakimiyyətinin başçısı və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi rəmzi məşəli yandırmış, sonra kənd sakini İslam Almasovun evinə gələrək mənzilə qazın verilişində iştirak etmiş, ev sahibinə hədiyyələr təqdim etmiş və öz xeyir-dualarını vermişlər.








