Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın qəhrəman oğlu Aşurov Mərdəli Fərhad oğlu ilə görüş keçirilmişdir.

27 aprel 2022 | 20:30

Azərbaycan - Türkiyə Qardaşlıq Parkında Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonumuzun Qımıl kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Aşurov Mərdəli Fərhad oğlunun rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, tələbələr və məktəblilər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər əsgər Mərdəli Aşurovun Kəlbəcər rayonunun Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən Kəlbəcər sakinlərini müşaiyət edərkən ərazidəki tank əlehinə minanın fərqinə vararaq həmin şəxslərə xəbərdarlıq etməsindən və onları son anda ölümdən xilas etməsindən danışmışdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə demək olar ki yox idi.
Tədbirdə əsgər Mərdəli Aşurova Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tərəfindən də hədiyyələr təqdim edilmişdir.
Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanların təhlükəsizliyini də təmin edir.
Rayon ictimaiyyəti Mərdəli Aşurovun bu nümunəvi hərəkətini yüksək qiymətləndirir.

Keçidlər