Zərdabi qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 7 mart 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Zərdabi qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Rayon İcra Hakimiyyətinin və Xaçmaz Gömrük İdarəsinin məsul şəxsləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılmış, müxtəlif cinsli 200-ə yaxın ağac əkilmiş, yeni əkilən tinglər suvarılmış və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir.