Şriftin ölçüsü :

Saytın rəngi :

Ziyəddin Əliyev Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə növbəti yardımların hazırlanması və yardımları aparan nəqliyyat vasitələrinin yola salınması mərasimində iştirak etmişdir.

09 fevral 2023 | 16:58

9 fevral 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə rayonun Qaraçay kəndində müəyyən olunmuş məntəqədə növbəti yardımların hazırlanması və yardımları aparan nəqliyyat vasitələrinin yola salınması mərasimində iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev burada rayon sakinləri ilə görüşərək fevralın 6  - da gecə saatlarında dost və qardaş Türkiyə Respublikasının 10 böyük vilayətində baş vermiş güclü zəlzələnin ağır və dəhşətli nəticələri barədə geniş danışmış, Azərbaycanın və Türkiyənin həm sevincli, həm də çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu qeyd etmiş, dəhşətli zəlzələdən dərhal sonra ilk olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən məhz Azərbaycan Respublikasından xilasedicilərin qardaş ölkəyə göndərildiyini, eləcə də tələb olunan bütün zəruri vasitələrin zəlzələ zonasına yola salındığını bildirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və müvafiq tapşırığı ilə qardaş ölkəyə böyük yardımların göstərildiyini də vətəndaşların nəzərinə çatdırmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev yardım kampaniyasında özünün şəxsi köməkliyini də göstərmiş, son günlər ərzində rayon əhalisinin qardaş ölkəyə yardım göstərilməsi məqsədilə “Qardaş köməyi” şüarı altında həyata keçirilən kampaniyada fəal iştirak etdiyini, bu məqsədlə indiyədək bir neçə yerdə yardımların toplanaraq Rayon İcra Hakimiyyəti ilə koordinasiya olunmuş şəkildə Bakı şəhərində müəyyən olunmuş məntəqələrə yola salındığını qeyd etmiş, belə xeyirxah işlərin təşkilində əməyi olan hər bir kəsə, yüksək fəallıq və həmrəylik göstərdiklərinə görə rayonun bütün sakinlərinə dərin təşəkkürünü bildirmişdir.

Vətəndaşlar da Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə göstərdiyi köməkliyə görə minnətdarlıqlarını bildirmiş, qardaş ölkəyə yardım göstərməyi özlərinin mənəvi borcları hesab etdiklərini vurğulamış, bundan sonra da yardım kampaniyasında yaxından iştirak edəcəklərini qeyd etmişlər.

Keçidlər