Şriftin ölçüsü :

Saytın rəngi :

Qırmızı Qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir.

28 sentyabr 2017 | 16:00

       28 sentyabr 2017-ci il tarixdə Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Azərbaycanın birinci tank taborunun keçmiş komandiri Hacı Əzimovun təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qırmızı Qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir.
      Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycanın birinci tank taborunun keçmiş komandiri, ehtiyatda olan kapitan Hacı Əzimov, “Dədə Qorqud” fondunun prezidenti Eldar İsmayılov, Azərbaycan Dağ Yəhudiləri dini icmasının üzvləri, Azərbaycan Hərb Tarixi Muzeyinin əməkdaşları, Milli Qəhrəmanın döyüş yoldaşları, hərbi diktor Şəmistan Əlizamanlı, Azərbaycan Respublikasının Müadfiə Nazirliyinin 30 nəfərdən ibarət orkestri, şimal bölgə rayonlarının İcra Hakimiyyətlərinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Albert Aqarunovun həyat yolu haqqında məlumat

       Respublikamızda, o cümlədən Quba rayonunda Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə daim hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqrunovun həyat yolu vətənimizdə yaşayan hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır.
       Azərbaycan xalqı Albert Aqarunovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır. Milliyyətcə yəhudi olan Albert Aqarunov Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanıdır. Albert Aqarunov qısa, lakin çox dəyərli ömür yaşamışdır.
      Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbdə təhsil almışdır. Albert Aqarunov 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanı rayonunda Maşınqayırma zavodunda işləmişdir.
       Qarabağ Müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanmış, tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşlərdə iştirak etmişdir. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.
       Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olmuşdur.
         Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri adına layiq görülmüşdür. Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Hazırda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.

Keçidlər