Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

2019-cu ilin I rübü ərzində Quba rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar görülən işlər

Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 2019-cu ilin birinci rübündə xeyli işlər görülmüş və qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilmişdir.
Rayon üzrə ümumi məhsul buraxılışının həcmi birinci rüb ərzində 74 milyon 107 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım), sənaye məhsullarının ümumi həcmi 9 milyon 286 min 700 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım), kənd təsərrüfatı məhsullarının həcmi 14  milyon 367 min 300 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artım) olmuşdur.
Rayonun cəmi gəlirləri 2 milyon 817 min 500 manat təyinata qarşı 4 milyon 796 min 600 manat və ya 170,2 faiz, yerli xərcləri isə 2 milyon 400 manata qarşı 1 milyon 261 min 500 manat və ya 63,1 faiz icra edilmişdir. 
2019-cu ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq sahəsində də bir çox işlər görülmüşdür. Hazırda davam etdirilən işlər rayonumuzun əhalisi və qonaqlarımız tərəfindən rəğbətlə qarşılanır.
2018-ci ildə tikintisinə başlanmış “Yeni Quba” yaşayış kompleksinin tikintisində işlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2018-ci il tarixli, 541 nömrəli sərəncamı ilə Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsait ayrılmış və hazırda həmin binanın tikinti sahəsində ərazi planlaşdırma işləri aparılır.
Quba şəhəri Heydər Əliyev prospekti 196 və Fətəli xan küçəsi 79 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarının dam örtükləri təmir edilmişdir.
Bu müddətdə Rayonun Alekseyevka kəndində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən inşasına başlanılmış 960 şagird yerlik məktəb binasının tikintisi davam etdirilmişdir. Hazırda məktəb binasının üçüncü mərtəbəsində hörgü işləri aparılır. Məktəb binası üçmərtəbəli olmaqla, layihə üzrə tikinti sahəsi 2783,56 kvadratmetr, ümumi sahəsi 6126,9 kvadratmetrdir. Eyni zamanda ölkə başçısının müvafiq sərəncamına əsasən inşa edilən Alıc kənd ibtidai və Dərk kənd ümumi orta məktəblərinin modul tipli binaları artıq istifadəyə verilmiş, Zıxır, Nütəh, Çarxaçu və Cimi kənd məktəblərinin modul tipli binalarının isə yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Yolların təmiri və yenidən qurulması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir.
Uzunluğu 46 km olan və 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Hazırda 46 km yol yatağı hazırlanmış, yolun 38 km hissəsinə isə bir qat asfalt örtüyü çəkilmişdir. Yol üzərində uzunluğu 126 və 90 paqon metr olan iki  körpünün tikintisi aparılır. Eyni zamanda uzunluğu 58,8 km olan və 8 yaşayış məntəqəsini birləşdirən Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisi də davam etdirilmişdir. Hazlrda 10 km yol yatağı hazırlanmış, 5 km hissəyə bir qat asfalt örtüyü çəkilmişdir.
Qeyd olunan hər iki yolun çəkilməsi həmin ərazilərdə yaşayan və yolsuzluqdan əziyyət çəkən insanların rahatlığının təmin edilməsi ilə yanaşı, rayonumuzun daha sürətli inkişafına, insanların maddi-rifah halının yaxşılaşdırılmasına və məşğulluğunun təmin edilməsinə, eyni zamanda turizmin inkişafına güclü təkan verəcəkdir. Bu layihələrin həyata keçirilməsi Qubamızın təkrarsız gözəlliklərinin dünyaya tanıdılması üçün bir imkandır.
Rayonun ərazisində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında da müəyyən işləri görülmüşdür. Yollarda çalaların və yol çiyinlərinin təmiri işləri aparılmış, küveytlər və yolların yaşıllıq hissələri təmizlənmişdir.
Quba şəhərində Əliqulu Nərimanov, Bəşir Səfəroğlu, Maksim Qorki, Nizami, Ə.Mustafayev və Vaqif küçələrində və 15-ci məhəllə ərazisində asfalt örtüyünün təmiri işləri başa çatdırılmışdır.
Bu rüb ərzində yeni böyük bir layihənin həyata keçirilməsinə başlanmışdır. Belə ki, şəhərin Vaqif küçəsində əsaslı yenidənqurma işlərinə start verilmişdir. Küçədə 4 zolaqlı, 2 tərəfli hərəkət üçün orta ayrıc zolağının səki daşları qoyulmuş, yolun sağ və sol hissələrində, yol kənarı boyunca maneçilik törədən tikililər sökülərək yeni səki daşları düzülmüşdür. Hazırda küçədə yenidənqurma işləri sürətlə davam etdirilir.
Rayonun bütün ərazisində təmizlik və abadlıq işləri aparılmış, səliqə-səhman yaradılmışdır.
2019-cu ilin birinci rübü ərzində rayonda əhalinin fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilməsi məqsədilə lazımi işlər görülmüşdür.
Belə ki, Quba şəhəri Hikmət Hüseynov küçəsində 37 metr, Memar Əcəmi küçəsində 403 metr və İqriq kəndi ərazisində isə 686 metr uzunluğunda korroziyaya uğramış müxtəlif diametrli qaz xətləri yeni xətlərlə əvəz olunmuşdur.
Quba rayonu Birinci Nügədi kəndində 121 metr, Quba şəhəri 29-cu məhəllədə 138 metr, Maksim Qorki küçəsində 29 metr uzunluğunda müxtəlif diametrli korroziyaya uğramış qaz xətlərinin yerin üstü çəkilməsi təmin edilmişdir.
İstismar müddəti başa çatmış 670 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuş, 170 ədəd smart tipli yeni qaz sayğacı quraşdırılmış və 54 ədəd qaz sayğacının yeri dəyişdirilmişdir.
Birinci rüb ərzində əhali istehlakçıları tərəfindən sərf olunan qaza görə ödəniş 2 milyon 196 min 296 manat olmuşdur ki, bu da ümumi yığımın 98,1 faizini, qeyri-əhali istehlakçıları tərəfindən sərf olunan qaza görə ödəniş isə 609 min 835 manat olmuşdur ki, bu da ümumi yığımın 70,8 faizini təşkil edir.
Bu müddət ərzində Quba şəhərində və rayonun digər yaşayış məntəqələrində elektrik enerjisi sisteminin dayanıqlığını artırmaq məqsədilə elektrik veriliş xətlərində 67 ədəd istismara yararsız dayaqlar yeni metal dayaqlarla əvəz olunmuş, 78 ədəd izolyator dəyişdirilmiş, 3,9 km yararsız naqil yeni naqillərlə əvəz olunmuşdur.
Atuc kəndində yeni quraşdırılacaq kompleks transformator məntəqəsinin 0,4 kilovoltluq şəbəkəsində yenidənqurma işlərinə başlanılmışdır.
İtkilərin qarşısının alınması və abonentləri keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivində, 25-ci məhəllə ərazisində, Əzizbəyov və Bağ küçələrində, eyni zamanda Digah kəndində ümumilikdə 23 ədəd elektrik dirəyi yeniləri ilə dəyişdirilmişdir. İstismar müddətini başa vurmuş 1000-dən çox elektrik sayğacı yeni elektron tipli sayğacla əvəz olunmuşdur.
Hesabat dövründə rayonun içməli su təchizatı və kanalizasiya xidməti, eyni zamanda əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması və internet texnologiyalarının tətbiqi istiqamətində də müəyyən işlər görülmüşdür.
Geniş zolaqlı internet xidmətinə olan tələbatı nəzərə alaraq internetin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə xidmət ərazilərinə yeni transmissiya avadanlıqları qoyulmuşdur.
İkinci Nügədi və Alekseyevka kəndlərində telefon abunəçilərinin sayının artırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülmüş və lazımi şərait yaradılmışdır. Sahibkarlığın inkişafı ilə əlaqədar İqtisadiyyat Nazirliyinin  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 layihəyə 226 min manat vəsait ayrılmışdır.
Rayon üzrə imkansız 742 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir.
2019-ci ilin birinci rübü ərzində  rayon Məşğulluq Mərkəzi tərəfindən 451 vətəndaş işlə təmin edilmiş, 468 vətəndaş isə peşəyönümü məsləhətinə cəlb edilmişdir. Özünüməşğulluq layihəsində iştirak etmək istəyən işaxtaran vətəndaşlar arasında seçim aparılmış, 15 vətəndaş bir ay müddətində dərslərdə iştirak etmişdir.
Bu dövr ərzində rayonun kənd təsərrüfatı sahəsində müəyyən işlər görülmüşdür.
Payızlıq taxıl sahələrinin 3480 hektarında gəmiricilərə qarşı mübarizə işləri aparılmış, 6160 hektarında yemləmə  gübrələri  verilmişdir.
Hazırda meyvə bağlarında yaz becərmə işləri həyata keçirilir. Mövcud meyvə bağlarının 4860 hektarında kompleks şəkildə erkən yaz, 6300 hektarında isə yaz çiləmələri aparılmışdır.
Rayonda 3320 ha yazlıq bitkilərin əkilməsi, o cümlədən 1220 hektar kartof, 1500 hektar tərəvəz, 600 hektar isə sair tərəvəz və yem bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur. Artıq yazlıqlardan 930 hektar kartof, 45 hektar baş soğan, 10 hektar yonca  əkilmiş və digər yazlıqların  əkilməsi üçün sahələr hazır vəziyyətə gətirilmişdir.
2019-cu ilin fevral ayından etibarən Quba rayonunda fəaliyyət göstərən fermerlər öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlamışlar. Bu layihənin tətbiqi ilə bağlı pilot rayon kimi seçilmiş Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılmışdır. Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, “ASAN Xidmət” Mərkəzində, Fermer Evində və Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda  məntəqələrə yaxınlaşaraq informasiya sistemində qeydiyyatdan keçə bilərlər.
Formalaşan məlumatlar bazası mövcud trendləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək. Fermerlər eyni zamanda bu sistem vasitəsilə heç bir yerə getmədən, mobil telefon və ya kompüter vasitəsilə istədiyi xidməti sifariş verə, şikayətlərini qeyd edə bilərlər. Sistem xidmət sifarişi və şikayətlərə operativ, çevik reaksiya vermək imkanı yaradacaqdır.
Kənd Təsərrüfatı məhsullarının istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi üçün Quba rayonun inzibati ərazi dairələrində yerli komissiyalar yaradılmış və may ayının 1-dən etibarən  prosesə başlanmışdır.
Rayonda hazırda 62 min 115 baş iribuynuzlu qara mal, 260 min 100 baş xırdabuynuzlu davar mövcuddur.
       Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılmışdır. Rayon ərazisində heyvanlar arasında qorxulu infeksion xəstəliklər müşahidə edilməmişdir.
Ardıcıl və kompleks şəkildə həyata keçirilən tədbirlərin nəticəsi olaraq hazırda rayonda ictimai-siyasi və dini durum sabitdir.
Rayonda fəaliyyət göstərən “Qafqaz” müstəqil teleradio şirkəti, rayonda nəşr olunan “Şəfəq” və “Birlik-Yedinstvo” qəzetləri ilə, həmçinin respublika televiziyalarının bölgə müxbirləri və aparıcı dövlət qəzetləri ilə əlaqələr daha da möhkəmləndirilmiş, rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında baş verən hadisələrin, həyata keçirilən tədbirlərin və görülən işlərin Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında, facebook səhifəsində, həmçinin kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılması təmin edilmişdir.
2019-cu ilin birinci rübü ərzində rayonumuzun qonaqları olmuşdur. Belə ki, martın 7-də ABŞ-ın “Etnik Araşdırmalar Fondu”nun yaradıcısı və rəhbəri Mark Şnayderin rəhbərlik etdiyi yəhudi və yevangelik xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti, martın 11-də isə ABŞ-ın tanınmış jurnalistləri Con Baçelor və Monika Krouli rayonumuza gəlmiş, onlar rayonun görməli və tarixi yerlərini gəzərək Qubadakı multikultural mühütlə tanış olmuşlar.
Rayonda yubiley və maarifləndirici tədbirlər, həmçinin tarixi, bayram və anım günləri ilə bağlı çoxsaylı silsilə tədbirlər təşkil olunmuşdur.
Bu dövr ərzində “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans, “Gənclər Günü” münasibətilə ümumrayon tədbiri, “Təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyi ərəfəsində Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsinin aşılanması, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasəti” mövzusunda regional tədbir, Quba Rayon İcra Hakimiyyətinin başçısının VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşü, Quba, Bakı və Sumqayıt şəhərlərindən, həmçinin Gürcüstandan olan rəqs və özfəaliyyət kollektivlərinin iştirakı ilə “Uşaq və gənclərin ənənəvi yaradıcılıq gecəsi”, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri, Quba Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” adlı konsert proqramı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba “ASAN Həyat” Kompleksində “Bahar Festivalı” və “Od çərşənbəsi” münasibətilə tədbirlər, “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir, Quba şəhəri Heydər Əliyev prospekti 5-ci məhəllədə- “Günəş Körpələr Evi-Uşaq Bağçası”nın qarşısındakı ərazidə “Yel çərşənbəsi” münasibətilə bayram şənliyi və digər tədbirlər keçirilmişdir.
28 fevral 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətində ölkəmizdə iqtisadi və sosial məsələlərlə bağlı görülmüş işlərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş müşavirəyə həsr olunan ümumrayon toplantısı, 4 mart 2019-cu il tarixdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında eyni məsələ ilə əlaqədar tədbir təşkil olunmuşdur.
13 mart 2019-cu il tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran-Masallı-Astara rayonlarına səfər edəcək 40 nəfər rayon məktəblisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə artıq altıncı ildir ki, reallaşan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 40 nəfər rayon məktəblisi 15-18 mart tarixlərdə Lənkaran-Masallı-Astara marşrutu üzrə on birinci tur-aksiyada iştirak etmiş, 15-18 və 23-26 mart tarixlərində isə tur-aksiya çərçivəsində respublikamızın 16 şəhər və rayonundan olan 600 nəfərə yaxın məktəbli rayonumuza səfər etmişlər. Həmin məktəblilərin yola salınmasına və rəsmi qarşılanmasına həsr olunmuş tədbirlər təşkil edilmişdir.
21 mart 2019-cu il tarixdə “Quba meydanı” mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
31 mart 2019-cu il tarixdə Qubada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir təşkil olunmuş, Quba Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfrans keçirilmişdir.
2019-cu ilin birinci rübü ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilmiş, müsabiqədə Alekseyevka kənd tam orta məktəbinin on birinci sinif şagirdi Səma Asəfli respublika mərhələsinə vəsiqə qazanmışdır.
“Şahin” hərbi-idman oyunlarının rayon birinciliyində Quba şəhər 6 saylı tam orta məktəbin “Şahinlər” komandası bu il də rayon birincisi olmuş, zona mərhələsində ikinci yeri qazanmışlar.
Ölkə rəhbərliyi tərəfindən vətəndaşlarımızın sağlamlığına xüsusi diqqət və qayğı göstərilir. Möhtərəm Prezidentimiz şəxsi təşəbbüsü və tapşırığına əsasən bu il də rayon əhalisi fevral ayının 11-dən may ayının 1-dək olan dövrdə tibbi-profilaktik müayinəyə cəlb olunmuşdir. Rüb ərzində 80 min 186 nəfər əhali tibbi-profilaktik müayinəyə cəlb olunmuşdur. Onlardan 14 min 221 nəfər ambulator müalicəyə, 1042 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 431 nəfəri isə Bakı şəhərinə müayinə və müalicə üçün göndərilmişdir.
Hesabat dövründə mədəniyyət müəssisələrinə və qoruqlara gələn ziyarətçilərin ümumi sayı 54 min 748 nəfər olmuşdur ki, onların da 53 min 804 nəfərini yerli, 944 nəfərini isə xarici ziyarətçilər təşkil etmişdir.
18 fevral 2019-cu tarixdə Quba Turizm-İnformasiya Mərkəzinin formatı dəyişdirilmiş və qurum bundan sonra Quba Destinasiya Menecment Təşkilatı adlandırılacaqdır.
Bu müddət ərzində Quba idmançıları bir sıra müxtəlif səviyyəli yarışlarda iştirak etmiş, 6-sı qızıl, 7-si gümüş və 13-ü bürünc olmaqla, ümumilikdə 26 medal qazanmışlar.
RİH-də vətəndaşların müraciətləri ilə bağlı işlərə də xüsusi diqqət yetirilmişdir.
2019-ci ilin ilk 3 ayı ərzində Rayon İcra hakimiyyətinə 326 yazılı müraciət daxil olmuşdur. Bu müraciətlərə qanunvericiliklə müəyyən olunmuş müddətlərdə baxılmış və haqlı tələbi olan vətəndaşlara müvafiq köməklik göstərilmiş, digər vətəndaşlara isə müvafiq izahatlar verilmişdir. 
Bu dövr ərzində rayon icra hakimiyyətinə 315 vətəndaş şifahi müraciət etmişdir ki, onların da 79 nəfəri Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir.
Rayonun ayrı-ayrı ərazilərində 8 səyyar görüş-qəbul da keçirilmiş və bu qəbullar zamanı 39 nəfər vətəndaşın müraciəti qeydə alınmışdır.
Rayonumuzun hüquq-mühafizə orqanları tərəfindən ictimai sabitliyin qorunub saxlanması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

Keçidlər