Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

 Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdirdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir.Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır.
XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.
Qədim tarixə malik olan Quba abidə və etnoqrafik mənbələrlə zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr və kurqan, o cümlədən İskəndərtəpə və Şiştəpə kurqanları, kəndin ətrafında Pirtəpələr yaşayış yeri, eramızdan əvvəl I minilliyə, tunc və dəmir dövrlərinə aid olan Zizik kəndində Gültəpə, Çarıqtəpə və Pirtəpə kurqanları, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, gümbəzli hamam vardır. Bundan başqa rayonun Zıxır kəndində Yeddilər qalası, Alpan kəndində Alpan şəhərgahı, Digah kəndində Salmantəpə, İbrahimxəliltəpə, İlanlıdərə qədim yaşayış məskənləri, Xucbala kəndində Xucbala nekropolu, Qartal təpəsi, Quba şəhərinin ətrafında Sandıqtəpə, Çartəpə kəndində Qayatəpə qədim yaşayış məskəni, Rustov kəndində Günaytəpə və nekropollar, Söhüb kəndində qədim qala və yeraltı yol, bundan başqa rayon ərazisində çoxlu sayda məscid və türbələr, arxeoloji abidələr, qüllələr və müxtəlif tarixi abidələr mövcuddur. Rayonda Ulu Öndər Heydər Əliyevin, A.A.Bakıxanovun, N.Gəncəvinin, M.U.Lermontovun, V.V.Mayakovskinin heykəlləri və büstləri qoyulmuşdur.
Qubada bir sıra görkəmli şəxsiyyətlər yetişmişdir. Görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, Azərbaycanın ilk dramaturq qadını Səkinəxanım Axundzadə, məşhur astronom Nadir İbrahimov, Azərbaycanın ilk rəsam qadını Reyhan Topçubaşova, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövlət mükafatı lauriatı Əliheydər Orucov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova, akademik Azad Nəbiyev, professorlar Maqsud Hacıyev, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Şahin Fərzəliyev, Məcnun Babayev, Vaqif Piriyev, meyvəçi-alim Əliqulu Nərimanov, əməkdar artist Fatma Mehrəliyeva, xalq artistləri Zümrüd Məmmədova və Afaq Bəşirqızı nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda belə tanınmışlar.
Quba yaşayış məskənin tarixi miladın IV əsrinə aid edilir. Quba şəhərinin şərq hissəsində Sandıqtəpə şəhərgahı olmuşdur. Salmantəpə, Balazar, Qalagah və Qarğaqala yaşayış yerləri IV əsrlərə gedib çıxır.
Aşurbəyli yazır ki, Məkkədəki Quba yaşayış məskənindən köçüb gələn ərəb qəbilələri tərəfindən Quba şəhərinin əsası qoyulmuşdur.
Minorskinin yazdığına görə XI əsrdə Ənuşirəvan bir qala tikərək onun adını «Babi-Firuz Qubad» adlandırıb.
Dədə-Qorqud dastanında belə bir fikir var ki Dərbənd deyilən bir şəhərin ağzında qədim bir yaşayış məskəni var, təbii ki, bu yaşayış məskəni Quba idi.
Quba adının izahına ilk cəhd Qafqazşünas alim P.K.Uslara məxsusdur. P.K.Uslara görə Quba adının mənası ətrafdan axan Qudyalçayın adına uyğundur.
K.F.Qan şəhərin qübbəyəbənzər hündürlükdə yerləşdiyindən xalq arasından geniş yayılmış fərziyəni dəstəkləmiş və Quba toponiminin ərəb sözü qübbədən (kupol) əmələ gəldiyini şərh etmişdir.
Şəhərin adının bu terminə uyğun gəlməsini Nadir şahın bu ərazidə çadır şəhərciyini ucaldaraq ona Qübbə adını verməsi bir daha sübut edir.
Bu fərziyəyə F.Köçərli də tərəfdar çıxmışdır.
Y.Yusifov Quba termini ilə bağlı başqa mövqedə olmuş, Ptolomey tərəfindən xatırlanan Alban şəhəri «Xobot»u Quba adının prototipi fərz etmişdir.
Q.Qeybullayev öz şərhində Quba adının yaranmasını türk sözü «köbə» (sahil) ilə əlaqələndirməyə cəhd göstərmişdir.
Respublikanın müasir xəritəsində Quba toponiminə qohum variantlar vardır. Qubalı Balaoğlan, Quba Xəlilli coğrafi adlarının və Qubadərəsi mağarasının adının bu toponimlə əlaqəsi vardır.
Krasnovodsk yaxınlığında Quba-Dağ, Türkmən körfəzində Quba və Quba-Səngər yerləşir.
Qaraqalpaq muxtar respublikası ərazisində iki Qubatay, Kabardino-Balkar respublikasında isə Quba-santi-bası, Quba-taba, Quba-dayğı, Quba-dalğı yerləşir.
Quba Altay diyarında Katun çayının qolu, Belaya Quba (ağ Quba), duzlu Quba Yeruslan isə Volqaya axan çaylardır.
Voloqdanın şimalında Kubenskaya gölündə Quba çayı axır.
Özbəkistanın Fərqanə vilayətində Quva və Quvasa, Qazaxstanda Quba-tas, Moskva vilayətində Kubinskaya, Kabardino-Balkarda isə Quva və Quva-topa, Əndicanda və Dağıstanda Quba yerləşir.
Yaqut Xaməviyə görə orta əsrlərdə Fəqanənin mədəni və çiçəklənən şəhərlərindən biri Quba olmuşdur.
Peyğəmbərimizin Məkkə və Mədinə şəhərləri arasında tikdirdiyi ilk məscidin adı Quba adlanır.
Tarixi mənbələrdə Qubanın adı «Kubə», «Qübbə» kimi daha çox göstərilmişdir.
1856-cı ildə Kazantsev tərəfindən tərtib edilmiş etnik tayfaların cədvəli üzrə 17 bölmə arasında Qıpçaq tayfası kimi Quba sözü də vardır.

Keçidlər